Risk Management nədir?
Tradingdə strategiya öyrənmək, qrafiki analiz etmək və düzgün Buy və Sell nöqtələrini tapmaq vacibdir. Amma bütün bunlardan daha vacib bir məsələ var: kapitalını qorumaq.
Məhz burada Risk Management, yəni risk idarəetməsi anlayışı qarşımıza çıxır. Sadə dillə desək, Risk Management hər əməliyyatda nə qədər pul itirməyə hazır olduğunu əvvəlcədən müəyyən etmək və hesabını böyük zərərlərdən qorumaq üçün istifadə etdiyin qaydalar sistemidir.
Tradingdə məqsəd heç vaxt zərər etməmək deyil. Bu mümkün deyil. Məqsəd zərərli əməliyyatların hesabına ciddi zərər verməsinin qarşısını almaq və uzun müddət bazarda qala bilməkdir.
Risk Management niyə vacibdir?
Təsəvvür et ki, iki traderin hərəsinin 1000 dollar balansı var. Hər ikisi eyni strategiyadan istifadə edir və hər ikisi ardıcıl 5 əməliyyatda zərər edir.
Birinci trader hər əməliyyatda balansının böyük hissəsini risk edir. İkinci trader isə hər əməliyyatda əvvəlcədən müəyyən etdiyi kiçik risklə işləyir.
Strategiya və nəticələr eyni olsa belə, 5 zərərdən sonra onların hesablarının vəziyyəti tamamilə fərqli ola bilər. Birinci trader balansının böyük hissəsini itirə bilər, ikinci trader isə zərər seriyasından sonra belə tradingə davam etmək üçün kifayət qədər kapital saxlaya bilər.
Risk Management-in əsas məqsədi məhz budur: bir neçə səhv əməliyyatın hesabını məhv etməsinə imkan verməmək.
Bir əməliyyatda nə qədər risk etmək olar?
Risk faizi traderin strategiyasına, təcrübəsinə və ümumi risk planına görə dəyişə bilər. Buna görə hamı üçün məcburi olan tək bir faiz yoxdur.
Məsələn, trader öz planında hər əməliyyatda maksimum 1% risk müəyyən edə bilər.
Əgər balansın 1000 dollardırsa:
1% risk = 10 USD
Bu o deməkdir ki, əməliyyat Stop Loss ilə bağlanarsa planlaşdırdığın zərər təxminən 10 dollar olacaq.
Əgər balansın 5000 dollardırsa:
1% risk = 50 USD
Burada əsas məsələ lotu əvvəlcədən təsadüfi seçmək deyil. Əvvəl nə qədər pul risk etməyə hazır olduğunu müəyyən edirsən, sonra Stop Loss məsafəsinə uyğun lot ölçüsünü seçirsən.
Risk faizi necə hesablanır?
Sadə formula belədir:
Risk məbləği = Balans × Risk faizi
Məsələn:
Balans: 1000 USD
Risk: 1%
1000 × 1% = 10 USD
Başqa nümunə:
Balans: 2000 USD
Risk: 2%
2000 × 2% = 40 USD
Deməli, 2000 dollarlıq hesabda 2% risk planlaşdırmısansa, həmin əməliyyat üçün maksimum planlaşdırılmış riskin 40 dollar olacaq.
Bu məbləği bildikdən sonra növbəti mərhələ uyğun lot ölçüsünü müəyyən etməkdir.
Stop Loss Risk Management-də niyə vacibdir?
Stop Loss Risk Management-in əsas vasitələrindən biridir. Çünki əməliyyatın sənin əksinə hərəkət etdiyi halda harada çıxacağını əvvəlcədən müəyyən etməyə kömək edir.
Məsələn, XAU/USD qiyməti 4000.00-dır və Buy əməliyyatı planlaşdırırsan. Analizinə görə Stop Loss səviyyən 3995.00 olmalıdır.
Bizim istifadə etdiyimiz pip sisteminə görə:
4000.00 → 4000.10 = 1 pip
4000.00 → 4001.00 = 10 pip
4000.00 → 4010.00 = 100 pip
Deməli:
4000.00 → 3995.00 = 50 pip
Bu əməliyyatda Stop Loss məsafən 50 pipdir. İndi balansına və maksimum risk məbləğinə əsasən həmin 50 piplik Stop Loss üçün uyğun lot seçməlisən.
Lot Risk Management-də necə seçilir?
Yeni başlayanların ən böyük səhvlərindən biri əvvəlcə lot seçib sonra Stop Loss haqqında düşünməkdir.
Məsələn, trader deyir:
“Bu dəfə 1 lot açacağam.”
Amma niyə məhz 1 lot istifadə etdiyini bilmir. Stop Loss-un neçə pip olduğunu və həmin Stop Loss işlədikdə neçə dollar itirəcəyini hesablamayıb.
Daha düzgün yanaşma belədir:
Əvvəl giriş nöqtəsini müəyyən et.
Sonra Stop Loss səviyyəsini müəyyən et.
Maksimum neçə dollar risk edəcəyini hesabla.
Daha sonra həmin riskə uyğun lot seç.
Yəni lot riskə uyğun seçilməlidir, risk lota uyğun dəyişdirilməməlidir.
Stop Loss böyüdükdə Lot nə olmalıdır?
Eyni dollar riskini saxlamaq istəyirsənsə, Stop Loss məsafəsi böyüdükcə lot ölçüsünü azaltmaq lazım gələ bilər.
Məsələn, iki fərqli setup düşün.
Birinci əməliyyat:
Stop Loss: 50 pip
Maksimum risk: 20 USD
İkinci əməliyyat:
Stop Loss: 100 pip
Maksimum risk: 20 USD
Hər iki əməliyyatda maksimum 20 dollar risk etmək istəyirsənsə, 100 pip Stop Loss olan əməliyyatda daha kiçik lot lazım olacaq.
Bu, Risk Management-in ən vacib məntiqlərindən biridir. Stop Loss məsafəsi dəyişdikcə lot da risk planına uyğun dəyişməlidir.
Risk/Reward nədir?
Risk Management-də bilməli olduğun başqa vacib anlayış Risk/Reward nisbətidir.
Risk/Reward bir əməliyyatda itirməyə hazır olduğun məbləğlə potensial olaraq qazanmaq istədiyin məbləğin müqayisəsidir.
Məsələn:
Risk: 50 USD
Potensial qazanc: 100 USD
Bu əməliyyatın Risk/Reward nisbəti:
1:2
Pip ilə də eyni şəkildə hesablaya bilərik:
Stop Loss: 50 pip
Take Profit: 100 pip
Risk/Reward = 1:2
Yəni hər 1 vahid risk qarşılığında 2 vahid potensial qazanc hədəfləyirsən.
Risk/Reward niyə vacibdir?
Risk/Reward sənə yalnız neçə əməliyyat qazandığına deyil, qazanan və itirən əməliyyatlarının ölçüsünə də baxmağı öyrədir.
Təsəvvür et ki, 10 əməliyyat açmısan. Bunlardan 5-i qazanc, 5-i zərərlə nəticələnib.
Əgər hər zərərli əməliyyatda 50 dollar itirirsənsə:
5 × 50 = 250 USD zərər
Qazanan hər əməliyyatda isə 100 dollar qazanırsansa:
5 × 100 = 500 USD qazanc
Sadələşdirilmiş bu nümunədə 10 əməliyyatdan yalnız yarısı qazanc olsa belə, ümumi nəticə müsbət qala bilər.
Bu, Risk/Reward anlayışının niyə vacib olduğunu göstərir. Əlbəttə, real nəticələr spread, komissiya, slippage və digər trading xərclərindən də təsirlənə bilər.
Hər əməliyyatda 1:2 Risk/Reward istifadə etmək lazımdır?
Xeyr. Hər strategiyada və hər əməliyyatda məcburi şəkildə 1:2 Risk/Reward istifadə etmək lazım deyil.
Bəzi trading strategiyalarının qazanma faizi yüksək, Risk/Reward nisbəti isə daha aşağı ola bilər. Digər strategiyalarda isə daha az sayda qazanan əməliyyat olsa da, qazanan əməliyyatların potensial gəliri zərərlərdən daha böyük ola bilər.
Əsas məsələ təsadüfi Risk/Reward seçmək deyil. Strategiyanın uzunmüddətli nəticələrini, win rate-ni və orta qazanc-zərər nisbətini birlikdə qiymətləndirməkdir.
Win Rate nədir?
Win Rate açdığın əməliyyatların neçə faizinin qazanc ilə nəticələndiyini göstərir.
Məsələn, 100 əməliyyat açmısan və onların 60-ı qazanc ilə bağlanıbsa:
Win Rate = 60%
Amma yüksək Win Rate avtomatik olaraq qazanc demək deyil. Məsələn, trader 10 əməliyyatın 9-da 10 dollar qazanır, amma bir zərərli əməliyyatda 200 dollar itirirsə, 90% Win Rate olmasına baxmayaraq ümumi nəticəsi mənfi olacaq.
Buna görə yalnız Win Rate-ə baxmaq kifayət deyil. Win Rate və Risk/Reward birlikdə qiymətləndirilməlidir.
Ardıcıl zərərlərə hazır olmaq niyə vacibdir?
Heç bir trading strategiyası hər əməliyyatda qazanc vermir. Yaxşı strategiyada belə ardıcıl bir neçə zərərli əməliyyat ola bilər.
Məsələn, hər əməliyyatda balansının 20%-ni risk etsən, ardıcıl bir neçə zərər hesabına çox ciddi zərər verə bilər. Kiçik və nəzarət olunan risk istifadə etdikdə isə eyni zərər seriyasından sonra hesabında tradingə davam etmək üçün daha çox kapital qalır.
Risk Management planı hazırlayarkən yalnız növbəti əməliyyatı düşünmək olmaz. Özünə belə bir sual vermək faydalıdır:
“Bu strategiyada ardıcıl 5 və ya 10 dəfə zərər etsəm, hesabım hansı vəziyyətdə olacaq?”
Bu sual istifadə etdiyin riskin nə qədər təhlükəli olduğunu görməyə kömək edir.
1000 dollarlıq hesabda 100 dollar risk etmək nə deməkdir?
1000 dollarlıq hesabda 100 dollar risk etmək balansın 10%-ni bir əməliyyatda risk etmək deməkdir.
Əgər əməliyyat zərərlə bağlanarsa:
1000 USD → 900 USD
İkinci böyük zərər balansı daha da aşağı sala bilər. Ardıcıl bir neçə belə əməliyyat hesabın böyük hissəsinin qısa müddətdə itirilməsinə səbəb ola bilər.
Tradingdə əsas sual “Bu əməliyyatdan nə qədər qazana bilərəm?” olmamalıdır.
Əvvəl soruş:
“Bu əməliyyat səhv çıxsa, nə qədər itirəcəyəm?”
Qazancı bazar müəyyən edir, amma riskin böyük hissəsini əməliyyata girməzdən əvvəl sən planlaşdıra bilərsən.
Niyə böyük zərərdən sonra hesabı bərpa etmək çətindir?
Faizlə böyük zərər etdikcə əvvəlki balansa qayıtmaq üçün lazım olan qazanc faizi daha da artır.
Məsələn, 1000 dollarlıq hesabın 50% azalaraq 500 dollara düşdüyünü düşün.
500 dollardan yenidən 1000 dollara qayıtmaq üçün 50% deyil, 100% qazanc lazımdır.
Çünki:
500 + 50% = 750 USD
Amma:
500 + 100% = 1000 USD
Bu, kapitalın qorunmasının niyə tradingdə bu qədər vacib olduğunu çox yaxşı göstərir.
Gündəlik maksimum zərər limiti olmalıdırmı?
Trader şəxsi trading planında gündəlik maksimum zərər limiti müəyyən edə bilər.
Məsələn, gün ərzində müəyyən edilmiş maksimum riskə çatdıqdan sonra yeni əməliyyat açmamaq qərarı verilə bilər. Bunun məqsədi xüsusilə ardıcıl zərərlərdən sonra emosional qərarların qarşısını almaqdır.
Çünki trader zərər etdikdən sonra həmin pulu dərhal geri qazanmağa çalışa bilər. Bu zaman lot böyüdə, plansız əməliyyatlar aça və normalda qəbul etməyəcəyi setup-lara daxil ola bilər.
Bu davranış Revenge Trading adlanır və hesab üçün ciddi risk yarada bilər.
Risk Management və psixologiya arasında əlaqə nədir?
Risk Management yalnız riyazi hesablamadan ibarət deyil. Trading psixologiyası ilə də birbaşa əlaqəlidir.
Əgər bir əməliyyatda itirəcəyin məbləğ səni ciddi şəkildə narahat edirsə, böyük ehtimalla götürdüyün risk sənə uyğun deyil.
Həddindən artıq böyük risk traderin qərarlarına təsir edə bilər. Qiymətin hər kiçik hərəkətinə emosional reaksiya verməyə, Stop Loss-u dəyişməyə və qazancı vaxtından əvvəl bağlamağa başlaya bilər.
Risk idarə olunduqda isə trading planına əməl etmək daha rahat ola bilər.
Eyni anda bir neçə əməliyyat açdıqda risk necə hesablanır?
Risk yalnız hər əməliyyata ayrıca baxılaraq hesablanmamalıdır. Eyni anda açıq olan bütün mövqelərin ümumi riskini də nəzərə almaq vacibdir.
Məsələn, üç əməliyyatın hər birində 2% risk edirsənsə, müəyyən şəraitdə ümumi açıq risk 6%-ə çata bilər.
Xüsusilə mövqelər bir-biri ilə əlaqəli bazarlardadırsa və ya hamısı eyni istiqamətli bazar hərəkətindən təsirlənirsə, faktiki risk daha çox diqqət tələb edir.
Buna görə yalnız “bir trade-də neçə faiz risk edirəm?” sualını yox, “hazırda ümumi açıq riskim nə qədərdir?” sualını da vermək lazımdır.
Risk Management qazanc əldə etməyə zəmanət verirmi?
Xeyr. Risk Management sənə qazanc zəmanəti vermir.
Əgər istifadə etdiyin strategiyanın uzunmüddətli üstünlüyü yoxdursa, yalnız kiçik risk istifadə etməklə avtomatik qazanan trader olmayacaqsan.
Risk Management-in əsas məqsədi başqa şeydir: səhv etdiyin zaman hesabının böyük zərər görməsinin qarşısını almaq və strategiyanın işləməsi üçün sənə kifayət qədər vaxt vermək.
Yaxşı strategiya ilə zəif Risk Management hesabı məhv edə bilər. Yaxşı Risk Management isə pis strategiyanı avtomatik qazanan strategiyaya çevirmir.
Hər ikisi birlikdə işləməlidir.
Yeni başlayanların etdiyi səhvlər
Yeni başlayanların ən böyük səhvlərindən biri qazanca görə lot seçməkdir. Məsələn, “Bu əməliyyatdan 500 dollar qazanmaq istəyirəm” deyərək balansına uyğun olmayan böyük lot istifadə edir.
Digər səhv Stop Loss olmadan əməliyyat açmaq və zərər böyüdükcə “qiymət geri qayıdacaq” düşüncəsi ilə mövqeni saxlamaqdır. Kiçik planlaşdırılmış zərər beləliklə böyük və nəzarətsiz zərərə çevrilə bilər.
Başqa bir səhv zərərdən sonra lotu böyütməkdir. Trader əvvəlki zərəri bir əməliyyatda geri qazanmağa çalışır və normal risk planını pozur. Risk Management-in məqsədi hər trade-i qazanmaq yox, bütün əməliyyatları eyni sistem daxilində idarə etməkdir.
Sadə Risk Management planı necə qurulur?
Yeni başlayan trader üçün planı mürəkkəbləşdirməyə ehtiyac yoxdur. Hər əməliyyatdan əvvəl bir neçə suala cavab vermək kifayətdir:
Giriş nöqtəm haradadır?
Stop Loss haradadır?
Stop Loss neçə pipdir?
Bu əməliyyatda maksimum neçə dollar risk edirəm?
Bu riskə uyğun lot neçə olmalıdır?
Take Profit haradadır?
Risk/Reward nisbətim nədir?
Hazırda başqa açıq əməliyyatlarımda nə qədər risk var?
Əgər bu sualların cavabını bilmirsənsə, əməliyyatı açmazdan əvvəl trading planın tam hazır deyil.
Nəticə
Risk Management tradingdə kapitalını qorumaq və uzun müddət bazarda qala bilmək üçün istifadə olunan ən vacib sistemlərdən biridir.
Sadə məntiq belədir:
Əvvəl risk → sonra qazanc.
Əməliyyata girməzdən əvvəl nə qədər itirə biləcəyini bilməlisən. Stop Loss səviyyəsini analizinə uyğun müəyyən etməli, maksimum risk məbləğini hesablamalı və lot ölçüsünü həmin riskə uyğun seçməlisən.
Unutma ki, yaxşı trader hər əməliyyatı qazanan trader deyil. Zərərli əməliyyatlar tradingin bir hissəsidir. Əsas fərq həmin zərərlərin nə qədər böyük olmasına icazə verdiyindir.
Tradingdə birinci məqsədin böyük pul qazanmaqdan əvvəl kapitalını qorumağı öyrənmək olmalıdır.
Tradingə başlamağa hazırsan?
Əgər tradingə mənimlə birlikdə başlamaq və təqdim etdiyimiz bütün üstünlüklərdən yararlanmaq istəyirsənsə, aşağıdakı link vasitəsilə XM brokerində hesab aça bilərsən.
👉 Qeydiyyat Linki: XM-də qeydiyyatdan keç
Bu link vasitəsilə qeydiyyatdan keçən istifadəçilər aşağıdakı üstünlüklərdən yararlanırlar:
✅ Brokerlə bağlı problemlərin daha sürətli həll olunması
✅ VIP Trading qrupuna pulsuz giriş (özəl dərslər və canlı trade sessiyaları)
✅ Böyük mükafatlı yarışlarda iştirak imkanı
✅ XP xalları qazanaraq məşhur trading kitablarını və e-kitabları əldə etmək
✅ Mentor və komandamızla birbaşa əlaqə saxlamaq imkanı
✅ XM-in təqdim etdiyi bonus kampaniyaları və xüsusi təkliflərdən yararlanmaq
✅ Gələcəkdə təqdim olunacaq bütün layihələr, tədbirlər və imkanlardan faydalanmaq